Orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotu elektron formada həyata keçiriləcək
Orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılmasının hansı mərhələlərdə həyata keçiriləcəyi müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən, telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
- yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
- idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
- digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.