Elektron qaimə-faktura olmadan alınan mallar hansı halda gəlirdən çıxıla bilər?
Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.
Bəzən müəssisəyə elə mallar lazım olur ki, həmin mallar çox qısa müddət ərzində əldə edilməlidir. Lakin bu mallar vergi ödəyicisindən alınan zaman satıcı ilə müqavilə bağlamaq, ödənişi etmək, ödəniş satıcının hesabında olduqdan sonra malı əldə etmək müəyyən vaxt aparır. Bəzən də müəssisəyə elə mal lazım olur ki, onu hər hansı bir vergi ödəyicisindən almaq mümkün deyil və həmin mal yalnız vergi ödəyicisi olmayan vətəndaşda mövcuddur. Bu malları vətəndaşdan aldıqda və yaxud elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən əldə etdikdə vergi ödəyicisi bu malların alışına çəkdiyi xərci gəlirindən çıxa bilmirdi. Həmçinin, malların mədaxilini, alışını təsdiq edən sənəd olmadığı üçün maliyyə sanksiyası riski var idi. 2024-cü il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 109.8-ci maddəsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi gəlirlərinin və ya xərclərinin ən yüksəyinin 2%-i həddində vergi ödəyicisindən kassa çeki ilə aldığı malların və vergi ödəyicisi olmayan vətəndaşdan alış aktı ilə aldığı malların dəyərini öz gəlirlərindən çıxa bilər.
Burada bir sıra maraqlı nüanslar var ki, mütləq onlara diqqət etmək lazımdır. İlk öncə qeyd etmək lazımdır ki, bu məhdudiyyət bütün malların alışına şamil edilmir. Əsas vəsaitlərin, o cümlədən daşınar əmlakın, daşınmaz əmlakın, nəqliyyat vasitələrinin, habelə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların alışı zamanı bu maddədə nəzərdə tutulmuş məhdudiyyət tətbiq edilmir.
Digər məqam ondan ibarətdir ki, vergi ödəyicisi eyni vaxtda bir təqvim ili daxilində öz gəlirlərinin 2%-i həddində həm vergi ödəyicilərindən nəzarət-kassa aparatı çeki ilə, həm də vergi ödəyicisi kimi uçotda olmayan vətəndaşlardan alış aktı vasitəsilə mal alıb dəyərini öz gəlirindən çıxa bilər.