34 Samad Vurgun, street 1000

Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir

Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu da təsadüfi deyil. Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. 

Belə ki, qızılın qiyməti nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərindən və ortada onları çəkindirəcək heç bir amilin mövcud olmadığından, əksinə olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürməsindən xəbər verib.

Hazırda da eynidir. Cari ilin iyun ayı üçün bağlanılan müqaviləyə əsasən Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 2 238,4 ABŞ dollar təşkil edib ki, təkcə mart ayı ərzində 8,9%, ötən üç ay ərzindəsə 8% bahalaşma baş verib. Bütün bunlar rekord rəqəmlərdir. Belə görünür, tendensiya hələ davam edəcək, o səbəbdən ki, ən azı ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini aşağı salacağı gözləntisi var.

Bəli. ABŞ-nin mərkəzi bankı sayılan FES tərəfindən uçot dərəcəsinin aşağı salınacağı təqdirdə Amerika valyutasının dəyərinin enəcəyi gözləntisi qızıla tələbatı artırır. Hazırda bu dərəcə illik 5,25-5,5% təşkil edir. Aşağı uçot səviyyəsi qızıla marağı və cəlbediciliyi artırır ki, hətta aparıcı ölkələr özləri də belə valyuta ehtiyatlarında sözügedən qiymətli metal həcmini artırmağa başlayırlar.

Çünki qızıl bir sığorta mənbəyidir. Qızıl bir yatırım vasitəsidir. Qızıl istənilən aparıcı və sərbəst dönərli valyutaya çevriləbilən metaldır. Qızıl dəyər ölçüsüdür və sairdir... Dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və bunun alış-verişi sürətlənir.

Bu gün dünyada geosiyasi vəziyyət olduqca gərgindir. İnvestorlarda çaşqınlıq var. Pandemiyadan sonra Ukrayna-Rusiya müharibəsinin başlanması investorları özlərinə gəlməmiş daha bir qaranlıq şəraitə atdı. Hazırda qiymətli kağızlara və səhmlərə pul yatırmaq böyük risk sayılır. Çünki bütün seqmentlər üzrə dəyərlərdə yüksək rəqslər və yaxud volatillik müşahidə edilir. Odur ki, yeganə ümid yenə qızıladır.

Mühasibatlıq xidmətləri lazımdır?